Bayandurlu və ya digər adı ilə Ağqoyunlu nəslinin nümayəndəsi Qara Yuluq Osman (1394 – 1434) 1402-ci il Ankara savaşından sonra Diyarbəkr bəyliyini yaratmış və öz adından pul kəsdirmişdi. 1453-cü ildə bəyliyin başına keçən Həsən bəy qısa müddət ərzində Bayandurlulara bağlı olan bütün oğuz türk boylarını siyasi baxımdan birləşdirmiş və hərbi qüvvə toplayaraq Cahanşaha qarşı mübarizəyə başlamışdı. O, 1467-ci ildə Muş döyüşündə Cahanşaha qalib gəl-dikdən sonra Təbrizdə onun oğlu Həsənəlinin də müqavimətini qırıb şəhəri ələ keçirmişdi. Beləliklə, Azərbaycan dövlətində yeni – Bayandurlu sülaləsinin hakimiyyəti başladı. Bu sülalənin dövründə bütün Cənubi Azərbaycan, şimalda Kür çayına qədər bütün Qarabağ, Ərəb İraqı, Əcəm İraqı Ağqoyunluların tərkibinə daxil idi. Dövlətimizin başçısı Sultan Həsən 1468-ci ildə Təbrizdə taxta çıxarkən II Mehmetə məktubunda yazırdı: “İndi bütün Azərbaycan, İraq, Fars, Kirman, Şiraz, Ərəb İraqı bizim hökmümüz altındadır.” Müəyyən vaxtlarda Tiflis də daxil olmaqla, Şərqi Gürcüstan da ölkənin tərkibində olmuşdur. Təbriz isə paytaxt şəhər statusunu saxlamışdı. Dövrünün görkəmli siyasətçisi və cəsur sərkərdəsi olan Həsən padşahın hakimiyyətə gəlməsi xalqımız tərəfindən rəğbətlə qarşılandı. Həsən padşah bütün siyasi, hərbi və diplomatik bacarığını işə salaraq Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi Şeyx Heydərlə Teymurilərə qarşı ittifaq yaratdı. 1469-cu ildə Muğan düzündə Mahmudabad döyüşündə Əbu Səidin qoşunları darmadağın edildi. O, Sultan II Mehmetə məktubunda bununla bağlı yazırdı: “Böyük padşah sultan Hüseyn Bayqaradan bizə elçi heyəti gəldi. Onlar pullarını və xütbəni bizim hümayun adımızla bəzədilər və öz itaətlərini göstərdilər.” Sultan Həsən böyük bir qoşun yollayaraq Xorasan vilayətini Herat hakimi Hüseyn Bayqaranın əlindən aldı
Sultan Həsən mərkəzi hakimiyyəti gücləndirmək üçün hərbi köçəri əyanların müqavimətini qırmağa və ölkənin iqtisadi inkişafını təmin etməyə çalışırdı. Dövlətin maliyyə – vergi sistemində atılan ən mühüm addım “Qanunnamə”nin verilməsi oldu. Məqsəd vergi sistemini qaydaya salmaq və bu sahədə məmurların və əyanların özbaşınalıqlarına son qoymaqdan ibarət idi. Hətta XVI əsrdə, Səfəvilərin dövründə belə bəzi dəyişikliklərlə qüvvədə qalan bu “Qanunnamə” ilə əhalidən alınan vergilərin əsas növləri dəqiq¬ləş-dirildi və onun həcmi azaldıldı. Monqollardan qalan və sənətkarlığın, ticarətin inkişafına əngəl olan tamğa vergisinin həcmi yarıya qədər azaldıldı, karvansaralardan alınan gömrük (bac) vergisi dəqiqləşdirildi. Həsən Padşah Azərbaycanın şəhər və bölgələrini inkişaf etdirmək üçün böyük pul vəsaitləri ayırırdı. Onun dövründə Təbriz, Sultaniyə və Şamaxı ən böyük ticarət mərkəzləri kimi fəaliyyət göstərirdi. Təbriz şəhərinin illik gəliri 87500 tümən, Şamaxının isə 11300 tümən olmuşdu. Mənbələrdə “ədalətli sultan” adlandırılan Həsən padşah Azərbaycanda elmin, təhsilin və ümumilikdə mədəniyyətin inkişafına xüsusi qayğıyla yanaşırdı. Onun dövründə Təbriz saray kitabxanasının fəaliyyəti genişlənmiş və Təbriz miniatür məktəbi daha da inkişaf etmişdi.
Sultan Həsən Bayandurlunun dövründə xarici siyasətdə Osmanlı və Avropa dövlətləri ilə münasibətlər əsas yer tuturdu. Şərqdə geniş fəthlərə başlayan Osmanlı dövləti ilə münasibətlər kəskin xarakter almışdı. Strateji bölgələr və Qərb – Şərq ticarət yollarına nəzarət üstündə bu iki türk dövlətinin mənafeləri kəskin şəkildə toqquşurdu. Mənafe ümumiliyinə görə Osmanlıya düşmən olan Avropa dövlətləri Həsən Padşaha özlərinin təbii müttəfiqi kimi baxırdılar. Osmanlı ilə münasibətlərin kəskinləşməsinə əsas səbəb Həsən sultan hələ Diyarbəkr hakimi olanda ortaya çıxan Trabzon məsələsi olmuşdu. Qara dəniz sahillərində yerləşən Trabzon – Yunan imperatorluğu
Azərbaycan tacirləri üçün Qara dənizə əsas çıxış olmaqla yanaşı, həm də Azərbaycanın Osmanlıya qarşı hərbi – strateji baxımdan müttəfiqi idi. Eyni zamanda Həsən Padşah Trabzon imperatorunun qızı Teodora (Dəspinə xatun) ilə evlənmişdi. 1461-ci ildə Trabzon uğrunda Həsən Bayandurlu ilə II Mehmet arasında Qoyluhisar döyüşü baş vermiş və Osmanlılar məğlub olmuşdular. Sultan Həsənin anası Sara xatun bir diplomat kimi Osmanlılarla aparılan danışıqlarda savaşın dayandırılmasına nail olmuş və bu məsələ ilə bağlı 1461-ci ildə Yassıçəməndə sülh sazişi bağlanmışdı. Sara xatunun “Trabzon nədir ki, sultan böyük bir ordu ilə əziyyətə qatlaşıb yola çıxır?” – sualına Mehmet Fateh belə cavab vermişdi: “Əlimizdəki qılınc İslamın qılıncıdır. Məqsəd qala fəth etmək deyil, bu yeri müsəlmanlara Vətən yapmaqdır. Bu yolda nə qədər əziyyət çəksək yenə azdır.”
1461-ci il oktyabr ayının 26-da II Mehmet Trabzon imperatorluğunun fəthini başa çatdırdı. Trabzon xəzinəsində olan ən dəyərli nə varsa, Sultan Sara xatuna ərməğan etdi. Trabzonun süqutu ilə Həsən Padşah Qara dənizə yeganə çıxış yolunu və hərbi – strateji müttəfiqini itirdi. Eyni zamanda Osmanlı dövləti ilə münasibətlər daha da kəskinləşdi.
1468-ci ildə Təbrizdə hakimiyyətə yiyələnən Sultan Həsənin Avropa siyasəti müasir odlu silahlar və toplar almaqla yanaşı, başlıca olaraq Osmanlıya qarşı müttəfiq axtarışına yönəlmişdi. Geniş diplomatik fəaliyyətin nəticəsində Azərbaycanla Venesiya Respublikası, Vatikan, Neapol krallığı, Macarıstan və Kipr arasında Osmanlıya qarşı hərbi ittifaq və birgə müharibə planı hazırlanmışdı. Plana görə Sultan Həsənin qoşunları Aralıq dənizi sahillərinə çıxmalı, Avropadan göndərilən odlu silahı və artilleriyanı qəbul etdikdən sonra müttəfiqlərin İstanbula birgə yürüşü başlamalı idi. 1472-ci ilin yazında həmin plana uyğun olaraq Sultan Həsən Osmanlı üzərinə yürüşə başladı. O, Qeysəriyyə yaxınlığında Osmanlı ordusunu məğlubiyyətə uğradıb, Aralıq dənizi sahillərinə yetişsə də, Avropalı müttəfiqləri gəlib çıxmadılar. Beyşehir savaşında məğlubiyyətə uğrayan Sultan Həsən geri qayıtmalı oldu. Beləliklə, onun Avropadan odlu silah almaq və müttəfiqləri ilə Aralıq dənizi sahilində birləşmək planı xristian dövlətlərinin xəyanəti nəticəsində boşa çıxdı. 1472-ci ildə Sultan Həsənlə Osmanlıya qarşı hərbi ittifaq bağlayan Venesiya Respublikası müttəfiqinə kömək etmək əvəzinə, Osmanlı sarayında Misir və Suriyadan keçən quru yollarda ticarət imtiyazları qazanmaq üçün gizli danışıqlar aparırdı. Maraqlıdır ki, Venesiya Senatı yalnız 1473-cü ilin yanvar ayında Azərbaycana odlu silah göndərmək haqqında qərar qəbul etmişdi. Sultan Həsən 1473-cü ilin yanvarında Osmanlı ilə yeni savaşa başladı. 1473-cü ilin avqust ayının 1-də baş vermiş Malatya döyüşündə Sultan Həsən hərbi sərkərdəlik bacarığı və taktikası nəticəsində qalib gəlsə də, avqustun 11-də Tərcan (Otluqbeli) döyüşündə Osmanlı tərəfindən ağır məğlubiyyətə uğradıldı. 1472 – 1473-cü illər savaşında məğlubiyyətimizin əsas səbəbi Osmanlı ordusunun güclü artilleriya və odlu silaha malik olması, Avropadakı müttəfiqlərin xəyanəti, Misir və Suriyada Osmanlıya qarşı çıxan qüvvələrdən istifadə edilməməsi idi. Sultan Həsən ayrı-ayrı Avropa ölkələrinin Osmanlıya qarşı birlikdə savaşmaq təkliflərini qulaqardına vurur və Avropa elçilərinin onun sarayında uzun müddət qalıb, Osmanlıya qarşı müəyyən ”zərərli” fəaliyyət göstərməsinə imkan vermirdi. O, Avropa diplomatiyasının iki türk dövlətini qarşı – qarşıya qoyub, hər ikisini zəiflətmək siyasətini artıq yaxşı dərk etmişdi.
Sultan Həsən hərbi – köçəri əyanların mərkəzdənqaçma meyllərinin təzahürü kimi 1474-cü ildə Şirazda baş vermiş qiyamı yatırmaq üçün böyük hərbi qüvvə sərf etməli oldu. Qiyamın rəhbəri olan oğlu Uğurlu Məhəmməd qaçıb Osmanlı sarayına sığınaraq II Mehmetin qızı ilə evlənmişdi.
Sultan Həsənin dövründə Moskva knyazlığı və Qızıl Orda dövləti ilə də iqtisadi və diplomatik əlaqələr saxlanılırdı. Qızıl Orda dövləti danışıqlar yolu ilə Təbriz sarayından öz cənub sərhədlərinin təhlükəsizliyinə təminat almışdı. Bu müsəlman və türk dövləti ilə yaxşı münasibətlərini daha üstün tutan Sultan Həsən 1475-ci ildə Moskva knyazı III İvanın Qızıl Ordaya qarşı ittifaq bağlamaq haqqında təklifini rədd etmiş və rus elçisini geri göndərmişdi.
1478-ci ildə Sultan Həsənin vəfatından sonra taxta oğlu Sultan Yaqub çıxdı. Sultan Yaqubun hakimiyyəti dövründə (1478 – 1490) ölkə daxilində nisbi sabitlik hökm sürürdü. Şirvan taxtı ilə ənənəvi dostluq münasibətləri Şirvanşah Fərrux Yasarın qızı ilə nigahdan sonra daha yüksək səviyyəyə çatmışdı. Qohumları olan (Sultan Həsən bacısını Şeyx Cüneydə, qızını isə onun oğlu Şeyx Heydərə vermişdi) Ərdəbil şeyxləri ilə münasibətləri isə pisləşmişdi. Sultan Yaqub 1480-ci ildə Misir və Suriya hökmdarının ordusunu məğlubiyyətə uğratmışdı. Taxta çıxan Sultan Baysunquru (1490 – 1492) Bərdə döyüşündə yenən iri əyanlar Sultan Həsənin nəvəsi Rüstəm Mirzəni hakimiyyətə gətirdilər. Rüstəm Mirzə (1492 – 1497) Bayandurlu taxtının ən çox soyurqal paylayan hökmdarı kimi yadda qaldı. Əsas məqsədi iri əyanlardan özünə dayaq yaratmaq olsa da, soyurqal alan iri əyanlar get – gedə mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırmağa başladılar. Uğurlu Məhəmmədin Sultan II Mehmetin qızından olan oğlu Sultan Əhməd Osmanlı dövlətinin köməyi ilə 1497-ci ildə Rüstəm Mirzəni hakimiyyətdən uzaqlaşdırdı. Tarixdə Gödək Əhməd kimi tanınan bu Sultanın çox qısa, yeddi aylıq hakimiyyəti dövründə bir sıra mühüm islahatlar keçirildi. İlk növbədə mərkəzdənqaçma meyllərinin qarşısını almaq üçün irsi soyurqalların ləğv edilməsinə başlandı. Onun verdiyi fərmanda deyilirdi: “İrsi soyurqallar məhv edilsin və bundan sonra verilməsin”. Sultan Əhməd mərkəzi hakimiyyətə tabe olmayan bəzi iri soyurqal sahiblərini edam etdirdi. İri hərbi əyanlar mövqelərinin daha da sarsılacağından qorxaraq 1497-ci ildə qiyam qaldırdılar, bu islahatçı və ağıllı hökmdarı devirdilər. Nəticə acınacaqlı oldu. Daxili siyasi mübarizə daha da gücləndi. 1499-cu (1500-cü il də yazılır) ildə ölkə ərazisi Bayandurlu şahzadələri Əlvənd Mirzə və Murad Mirzə arasında bölüşdürüldü.